Əvvələ

Global Media Group “Card to Art” sosial-ekoloji təşəbbüsünə media tərəfdaş kimi qoşuldu

Əvvələ
Global Media Group “Card to Art” sosial-ekoloji təşəbbüsünə media tərəfdaş kimi qoşuldu

“Global Media Group” “Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 iyun 2025-ci il tarixində birgə həyata keçirdiyi “Card to Art” sosial layihəsinə media tərəfdaşı qismində qoşulub.
Samur–Yalama Milli Parkında keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları, media təmsilçiləri, məktəblilər və könüllülər iştirak ediblər. Əsas məqsədi plastik tullantıların azaldılması, təkrar təşviqi və ekoloji maarifləndirmə olan bu təşəbbüs davamlı və ekoloji cəmiyyətin formalaşdırılmasına xidmət edir.
Layihə çərçivəsində banklar, supermarketlər, nəqliyyat qovşaqları və digər ictimai məkanlarda xüsusi toplama qutuları quraşdırılacaq. Bu qutularda toplanan istifadə müddəti bitmiş plastik kartlar yerli yaradıcı şəxslərə təqdim olunacaq və həmin kartlardan hazırlanmış sənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində sərgilənəcək.
Layihə iyun-oktyabr aylarını əhatə edəcək. Bu müddət ərzində ictimaiyyətin davamlı şəkildə məlumatlandırılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən “Global Media Group”un Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Laura Seyidbəyova bildirib ki, Qrup “Cəmiyyətə Töhfə” siyasəti, Korporativ Sosial Məsuliyyət (KSM) və Tərəfdaşlıq strategiyası çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş layihələrə daim dəstək verir. “Global Media Group”un KSM strategiyası “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi ekoloji təşəbbüslərlə üst-üstə düşdüyü üçün “Card to Art” layihəsi həm ekoloji, həm də sosial təsiri baxımından olduqca əhəmiyyətlidir.
Onun sözlərinə görə, “Global Media Group” media tərəfdaşı olaraq “Card to Art” layihəsinin məqsəd və məzmununun geniş ictimaiyyətə çatdırılmasına, eləcə də, cəmiyyətdə ekoloji məsuliyyət və həssaslığın artırılmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

“Global Media Group” haqqında:

“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

 

Digər məqalələr