Media Akademiyanın növbəti təlim proqramı yekunlaşıb

“Global Media Group”un “Media Akademiyası”nın növbəti təlim proqramı yekunlaşıb.

“Global Media Group”un “Media Akademiyası”nın tərkibində fəaliyyət göstərən “Report Media Məktəbi” və “Peşəkar Media Məktəbi”nin növbəti birgə təlim proqramı uğurla başa çatıb. Proqramı uğurla tamamlayan 8 məzuna sertifikat təqdim olunub.
“Report” İnformasiya Agentliyində keçirilən yekun görüşdə agentliyin direktoru Fuad Hüseynəliyev, baş redaktor Namiq Mayılov, “Report Media Məktəbi”nin rəhbəri İsmayıl Rafiqoğlu, həmçinin, “Peşəkar Media Məktəbi”nin təlimçiləri – “Global Media Group”un Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Laura Seyidbəyova, İctimaiyyətlə əlaqələr üzrə meneceri Vüsal Bəkirov, “Media.az” xəbər portalının direktoru və baş redaktoru Cəmilə Ələkbərova, eləcə də, “Global Management” autsorsinq şirkətinin İnsan Resursları Departamentinin baş meneceri Mələknaz Yusifova iştirak ediblər.
2026-cı ilin 11 fevral tarixində təşkil olunan tədbirdə çıxış edən Fuad Hüseynəliyev proqramın əvvəlki mərhələlərlə müqayisədə daha da təkmilləşdirildiyini, iştirakçıların tapşırıqlara məsuliyyətli yanaşmasının yüksək nəticələrlə müşayiət olunduğunu bildirib.
Laura Seyidbəyova isə qeyd edib ki, “Media Akademiyası” layihəsi korporativ sosial məsuliyyət siyasəti çərçivəsində medianın dayanıqlı inkişafına töhfə vermək, gənclərin bilik və bacarıqlarını artırmaq və müasir çağırışlara cavab verən peşəkar kadr potensialı formalaşdırmaq məqsədi daşıyır.
Təlim proqramı çərçivəsində iştirakçılar xəbər, müsahibə, reportaj və araşdırma materiallarının hazırlanması ilə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq və şəxsi inkişaf bacarıqları üzrə praktiki biliklər əldə ediblər.
Layihənin əsas məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrların hazırlanması, jurnalistika üzrə praktiki bacarıqların inkişaf etdirilməsi və müasir media mühitinə uyğun mütəxəssislərin formalaşdırılmasıdır.
Global Media Group haqqında:
“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
 
“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.