Media Akademiyanın təlim proqramına start verilib
"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən “Report Media Məktəbi” və “Peşəkar Media Məktəbi”nin birgə təlim proqramına start verilib.
Müraciət edənlərdən 10 tələbə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb jurnalistika peşəsinin sirlərini öyrənməklə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq, şəxsi inkişaf bacarıqları istiqamətində bilik əldə edəcək. Təlim dövründə xəbər jurnalistikasına və rəqəmsallığa önəm veriləcək.
“Peşəkar Media Məktəbi”ndə keçirilən görüşdə “Global Management” autsorsinq şirkətinin İnsan Resursları departamentinin rəhbəri Səadət İsmayılova və İnsan Resursları üzrə baş menecer Mələknaz Yusifova, "Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov, “Report Media Məktəbi”nin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu, “Peşəkar Media Məktəbi”nin təlimçiləri - “Global Management” autsorsinq şirkətinin Marketinq departament rəhbəri Laura Seyidbəyova, İctimaiyyətlə əlaqələr üzrə meneceri Vüsal Bəkirov, “PhotoStock” fotobankının direktoru Ramil Zeynalov iştirak ediblər.
Görüşdə çıxış edən Səadət İsmayılova "Global Media Group" “Media Akademiyası”nda kifayət qədər ciddi təlimlərin keçirildiyini vurğulayıb: "İllərdir bir sıra media layihələrini uğurla reallaşdırırıq. Təlim komandasında da peşəkarlar çalışırlar. Bu layihədə rəqəmsallığın və yeni texnologiyaların tədrisini daha da gücləndirməyi düşünürük. Qrupun daxili siyasəti elədir ki, açıq vakansiyalarda ilk olaraq təlimi uğurla bitirmiş tələbələrin namizədliyinə baxılır. Yaxşı nəticələr göstərənləri işə cəlb edirik".
Daha sonra çıxış edən Namiq Mayılov jurnalistikada çalışmaq üçün peşəyə həvəsli olmağın vacibliyini qeyd edib.
"Jurnalistikanı sevərək mətbuata üz tutan gənclərlə işləmək olduqca xoşdur. Bizim peşəmiz elə də asan deyil. Stressi, daim hərəkətdə olmağı, həyəcanı da var, amma çox maraqlıdır. Hətta 60 yaşında belə əlində mikrofonla gedərkən özünü çox gənc hiss edirsən. Hesab edirəm, burada alacağınız biliklər sizə faydalı olacaq", - baş redaktor deyib.
Sonda İsmayıl Rafiqoğlu təlimə seçilən tələbələri təbrik edib: "Seçim turu heç də asan olmayıb. İnsan Resursları departamenti ilə birlikdə bu qrupu formalaşdırmaq üçün xeyli çalışmışıq. Hər seçilən tələbə müəyyən tapşırığı yerinə yetirməklə yer qazanıb. Növbəti aylarda prosesin uğurlu davam edəcəyinə inanıram".