Global Management-in təşkilatçılığı ilə “Media Təlim Proqramı” keçirilib 

28 fevral–1 mart 2024-cü il tarixlərində “Global Media Group”a daxil olan “Global Management” autsorsinq şirkətinin təşkilatçılığı ilə “Media Təlim Proqramı” keçirilib.
Təlimdə Türkiyənin tanınmış media ekspertləri – “Haber Global” televiziya kanalının Ankara və İstanbul xəbər departamentlərinin rəhbərləri Özgür Feyiz və Hasan Uylaş, eləcə də strategiya və təhlükəsizlik üzrə baş müxbir Murat Karataş iştirak ediblər.
Proqramda ölkənin aparıcı internet kanallarını, qəzetlərini və xəbər agentliklərini təmsil edən 60-a yaxın jurnalist iştirak edib.

Təlimçi qismində çıxış edən Özgür Feyiz iştirakçılara media sahəsinin ümumi tendensiyaları, mobil jurnalistika, canlı yayım və anons texnikaları, yeni tətbiqlərin jurnalistikaya təsiri, tətbiqi fotoqrafiya və video çəkilişi üsulları, eləcə də mobil jurnalistika və canlı yayım zamanı etik məsələlər barədə məlumat verib.
Hasan Uylaş KİV nümayəndələrinə canlı yayım və anons texnologiyaları, mobil jurnalistikanın sosial təsirləri, xəbər keyfiyyətinin yüksəldilməsi və vizual bacarıqların inkişaf etdirilməsi haqqında danışdı. Təlimin üçüncü günündə media eksperti Murat Karataş təlim iştirakçıları ilə canlı anons, mobil jurnalistika və vizual bacarıqların təkmilləşdirilməsi mövzularında öz təcrübəsini bölüşdü.
Proqramın əsas məqsədi iştirakçılarla texnologiyanın sürətli inkişafı fonunda jurnalistikada formalaşan yeni yanaşmalar barədə geniş məlumat mübadiləsi aparmaq, rəqəmsal jurnalistikadan müasir texniki vasitələrin düzgün istifadəsinə qədər müxtəlif istiqamətlər üzrə bilik paylaşmaq olub.