"Milli Mətbuat - 150" minifutbol turnirinin qalibi müəyyənləşib

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı 2025-ci il 20 iyul tarixində Şamaxıda keçirilən jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.
“Yurd.Media” və “İdman Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.
AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası ilə qarşılaşıb. Oyun "Report" İnformasiya Agentliyinin idman şöbəsinin redaktoru Kənan Həsənovun da heyətində yer aldığı "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan “Kaspi” komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları "Yurd.Media”nın baş redaktoru Murad Əliyev, “İdman Araşdırmalar Mərkəzi”nin sədri Elşən Məmmədov verib.
Final qarşılaşmasında televiziya işçilərindən ibarət “Kaspi” komandası idman saytlarının təmsil olunduğu “Kəşkül” komandası ilə üz-üzə gəlib. Tərkibində “Baku TV” televiziya kanalının əməkdaşları olan İman Məcidov və Nurani İsgəndərovun yer aldığı “Kaspi” komandası oyunu 3:1 hesabı ilə başa vuraraq turnirin qalibi olub. Turnirin ən yaxşı oyunçusu adına “Kaspi” komandasının üzvü, “Baku TV”nin əməkdaşı Nurani İsgəndərov layiq görülüb.
Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib. Sonda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov qalib komandaya kuboku təqdim edib.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.