Global Media Group “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

14 Fevral 2024-cü il tarixində “Global Media Group”un təşəbbüsü və Qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə şirkətlərin rəhbər heyətləri və əməkdaşları iştirak ediblər.
“Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.  Bununla əlaqədar olaraq, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq. Düşünürük ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın bərpası və biomüxtəlifliyin qorunması yolu ilə sağlam və həmişəyaşıl dünya qurmaq bəşəriyyətin ümumi və təxirəsalınmaz məsuliyyətidir. Biz də öz növbəmizdə bu cür ekoloji aksiyaların təşkili ilə dayanıqlı inkişafa töhfələrimizi veririk”, - deyə “Global Media Group”un idarə heyətinin üzvü Rövşən Nizamov bildirib.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf prinsipləri “Global Media Group”un korporativ dəyərlərinin əsas istiqamətlərindəndir. Bu sahədə müxtəlif ekoloji layihələr ardıcıl şəkildə icra olunur və dövlət qurumları ilə əməkdaşlıq uğurla davam etdirilir və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi davamlı istehlak və istehsal modellərinə keçidi dəstəkləyir.