Report İnformasiya Agentliyi “Firidun bəy Köçərli” mükafatına layiq görülüb

“Global Media Group”a daxil olan "Report" İnformasiya Agentliyi “Firidun bəy Köçərli” mükafatına layiq görülüb. "Azedu.az" təhsil portalının təşkilatçılığı ilə 2025-ci ilin martın 3-də Bakıda keçirilən təqdimat mərasimində mükafat Agentliyin direktoru Fuad Hüseynəliyevə təqdim olunub.
Fuad Hüseynəliyev təqdimat mərasimində çıxışı zamanı rəhbərlik etdiyi Agentliyin təkcə işıqlandırdığı xəbərlərlə deyil, həm də təsis etdiyi "Report Media Məktəbi" ilə də təhsil sahəsinə töhfə verdiyini vurğulayıb:
"Report Media Məktəbi"nin tələbələri hazırda "Report" İnformasiya Agentliyində, eləcə də, digər media qurumlarında çalışırlar. Biz üç aya yaxın müddəti əhatə edən təlimlərdə çalışırıq ki, tələbələrə media sahəsində təhsil ötürə bilək və universitet həyatında öyrənilən nəzəri bilikləri praktika ilə əvəzləyək".
Qeyd edək ki, bu gün mükafata layiq görülənlər arasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova da var.
Xatırladaq ki, “Firidun bəy Köçərli” mükafatının əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.