Əvvələ

Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub

Aprel 30, 2026
Əvvələ
Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub

Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç "Global Media Group"a daxil olan Baku TV-nin ofisində qonaq olub. Görüş zamanı Baku TV-nin direktoru Ramin Cəfərov səfiri telekanalın iş prinsipləri, xəbər istehsalı prosesi və operativ fəaliyyət mexanizmi ilə yaxından tanış edib. Kanalın rəqəmsal media sahəsində əldə etdiyi uğurlardan və beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində görülən işlərdən bəhs edən Ramin Cəfərov, xüsusilə Özbəkistan, Qazaxıstan və Çinin aparıcı media qurumları ilə imzalanmış əməkdaşlıq memorandumlarının qlobal informasiya məkanında kanalın nüfuzunu artırdığını bildirib.

Müzakirə zamanı tərəflər arasında media sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı məlumat mübadiləsinin vacibliyi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Səfir Dmitri Pineviç Baku TV-nin texnoloji imkanlarını və operativ xəbərçilik fəaliyyətini təqdirəlayiq hesab edərək, Azərbaycan və Belarus arasında media platformaları üzərindən qurulacaq bağların hər iki xalq üçün faydalı olacağını vurğulayıb. Səfər zamanı o, həmçinin Baku TV ilə yanaşı "Global Media Group"a daxil olan digər media resurslarının da fəaliyyətini, hazırlanan xəbərlərə peşəkar yanaşmanı daim izlədiyini və yüksək qiymətləndirdiyini xüsusi qeyd edib. O, iki ölkənin media qurumları arasında təcrübə mübadiləsinin və dürüst informasiya axınının gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşün sonunda Baku TV ilə Belarusun müvafiq media orqanları arasında gələcək tərəfdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanları barədə söhbət aparılıb. Direktor Ramin Cəfərov səfirə ziyarətə görə təşəkkürünü bildirərək, kanalın beynəlxalq əməkdaşlıq təcrübəsinin Belarusla media sahəsində qurulacaq münasibətlərə də müsbət töhfə verəcəyini ifadə edib.

Digər məqalələr