"Global Media Group" əməkdaşlarının ilkin yardım bacarıqlarının inkişaf etdirilməsi, əməyin təhlükəsizliyi və sağlamlığın qorunması sahəsində biliklərinin artırılması məqsədilə iki istiqamət üzrə təlim proqramı həyata keçirilib.
İlkin yardım və tibbi bacarıqlar
BLS (Basic Life Support) təlimi çərçivəsində iştirakçılara böyüklərdə, uşaqlarda və körpələrdə təməl yaşam dəstəyinin əsas prinsipləri öyrədilib. Proqramda ürək dayanmasının əlamətlərinin tanınması, ürək-ağciyər reanimasiyasının (CPR) həyata keçirilməsi, süni tənəffüs, avtomatik xarici defibrilyatordan (AED) istifadə və tənəffüs yollarının obstruksiyası zamanı ilkin müdaxilə qaydaları əhatə olunub.
Təlimin praktiki hissəsində iştirakçılar maneken üzərində ilkin yardım bacarıqlarını nümayiş etdirib, sual-cavab sessiyasında iştirak edərək biliklərini möhkəmləndiriblər.
SƏTƏMM üzrə Azərbaycan Respublikasının qanunvericiliyi
İkinci təlim əməyin təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericilik bazası barədə biliklərin artırılmasına həsr olunub.
Proqram çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi, eləcə də müvafiq qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları və digər normativ aktlar nəzərdən keçirilib. Həmçinin beynəlxalq müqavilələr, Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyaları, fövqəladə hallara hazırlıq, evakuasiya prosedurları, istehsalat qəzalarının araşdırılması, işəgötürən və işçilərin hüquq və vəzifələri, qanunvericiliyin pozulmasına görə hüquqi məsuliyyət məsələləri barədə məlumat verilib.
Hər iki təlim əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının gücləndirilməsinə, risklərin düzgün qiymətləndirilməsinə və fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlib. Bu təşəbbüslər təhlükəsiz iş mühitinin formalaşdırılmasına və əməkdaşların sağlamlığının qorunmasına verilən önəmi əks etdirir.