Global Media Group və BMT Qlobal Sazişi
“Global Media Group” dayanıqlı inkişafı fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edir. Bu yanaşmanın göstəricisi olaraq, şirkət 21 may 2024-cü ildə BMT Qlobal Sazişinə (UN Global Compact) qoşulub və təşəbbüsün təməl dəyərlərini əks etdirən 10 prinsipi korporativ idarəetmə və dayanıqlılıq strategiyasının əsasına daxil edib.
Qrupa daxil olan şirkətlər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartlarına uyğun idarəetmə sistemləri vasitəsilə bu qlobal öhdəliyi davamlı şəkildə gücləndirməyə və inkişaf etdirməyə sadiqdirlər.
Bu məqsədlər çərçivəsində “Global Media Group” həm sosial, həm də ekoloji istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirir. Əməkdaşlar üçün təhlükəsiz iş şəraitinin təmin edilməsi və onların SƏTƏMM — Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sahəsində maarifləndirilməsi şirkətin fəaliyyətinin əsas prioritetlərindəndir.
Eyni zamanda, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə mütəmadi olaraq ağacəkmə və təmizlik aksiyaları təşkil edilir. “Global Media Group” ətraf mühitin qorunması üzrə öhdəliyinin bir hissəsi olaraq, “Xəzəri qoruyaq” və “Card to Art” kimi layihələrə qoşulur, həmçinin “Ağacı qoru”, “Yaşıl gələcək birlikdə kök salır”, “Geridönüş — Təmiz dünya” və digər ekoloji təşəbbüsləri davamlı şəkildə həyata keçirir.
BMT Qlobal Sazişinin 10 prinsipi
İnsan hüquqları
1. Biznes subyektləri beynəlxalq səviyyədə elan edilmiş insan hüquqlarının qorunmasını dəstəkləməli və bu hüquqlara hörmət etməlidirlər.
2. Biznes subyektləri insan hüquqlarının pozulmasında iştirak etmədiklərinə əmin olmalıdırlar.
Əmək standartları
3. Biznes subyektləri birləşmək azadlığını və kollektiv danışıqlar aparmaq hüququnun effektiv şəkildə tanınmasını dəstəkləməlidirlər.
4. Biznes subyektləri məcburi və icbari əməyin bütün formalarının aradan qaldırılmasını dəstəkləməlidirlər.
5. Biznes subyektləri uşaq əməyinin effektiv şəkildə ləğvini dəstəkləməlidirlər.
6. Biznes subyektləri məşğulluq və peşə sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasını dəstəkləməlidirlər.
Ətraf mühit
7. Biznes subyektləri ekoloji problemlərə münasibətdə ehtiyatlı yanaşmanı dəstəkləməlidirlər.
8. Biznes subyektləri ətraf mühitə qarşı məsuliyyətin artırılmasına yönəlmiş təşəbbüslər həyata keçirməlidirlər.
9. Biznes subyektləri ekoloji cəhətdən təhlükəsiz texnologiyaların inkişafını və yayılmasını təşviq etməlidirlər.
Korrupsiyaya qarşı mübarizə
10. Biznes subyektləri hədə-qorxu ilə tələb etmə və rüşvətxorluq da daxil olmaqla, korrupsiyanın bütün formalarına qarşı mübarizə aparmalıdırlar.
İrəliləyiş haqqında hesabatlar
BMT Qlobal Sazişi çərçivəsində hər il təqdim etdiyimiz İrəliləyiş haqqında hesabatlarla (Communication on Progress — CoP) aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
• 2025-ci il üzrə hesabat
• 2026-cı il üzrə hesabat