Əvvələ

Global Media Group və Report İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib

Sentyabr 23, 2026
Əvvələ
Global Media Group və Report İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib

"Global Media Group" və "Report" İnformasiya Agentliyi Vətən müharibəsi və Antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini ictimaiyyətə təqdim edib. Film Antiterror tədbirləri zamanı şəhid olmuş polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin həyat yoluna həsr olunub.

Şəhid zabitin və ailəsinin həyat hekayəsi

Sənədli filmin mərkəzində Azərbaycanın ilk komando hərbi hissəsinin qərargah rəisi, polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin taleyi dayanır. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün həyatı yaşamağa məcbur qalan Şadmanovlar ailəsi bütün məhrumiyyətlərə baxmayaraq, doğma yurda qayıdış ümidini heç vaxt itirməyib.

Vətən sevgisi ilə böyüyən iki hərbçi

Torpaqlarımızı işğaldan azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi yetişib. Şadmanov qardaşları 44 günlük Vətən müharibəsi və Antiterror tədbirləri zamanı qəhrəmanlıqla döyüşərək bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak ediblər. Göstərdikləri şücaətə görə hər iki zabit Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunub.

2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən polkovnik-leytenant Əkrəm Şadmanov tank əleyhinə minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanlıq salnaməsinin ekran təcəssümü

"Vətən daşı" filmi Şadmanovlar ailəsinin həyat hekayəsi vasitəsilə Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsini ekrana gətirir. Filmdə Vətən sevgisi, Qələbə sevinci və azad edilmiş torpaqlarda qurub-yaratmaq əzmi öz əksini tapıb.

Təqdimat mərasimi

Filmin təqdimat mərasimi "Nizami" Kino Mərkəzində keçirilib. Tədbirdə dövlət rəsmiləri, hərbçilər, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə filmin ideyası və cəmiyyətə ötürdüyü mesajlar barədə ətraflı məlumat verilib.

Digər məqalələr